XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ QƏLBLƏRDƏ YAŞAYIR
Çelyabinsk vilayət elmi kitabxanasında Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Görüşün təşkilatçılarından biri, “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) sədri Rəfail Quliyev AZƏRTAC-a bildirmişdir ki, tədbirdə Cənubi Uraldakı diasporumuzun, yerli ictimaiyyətin nümayəndələri, alimlər və jurnalistlər iştirak etmişlər.
“Dəyirmi masa”da daha çox bu məsələ qaldırılmışdır: soyqırımı pisləyən dünya ictimaiyyəti nə üçün Xocalıda törədilən qətliam barədə susur. Axı, Xocalı qırğını dəhşəti baxımından İkinci Dünya müharibəsində bəşəriyyətə qarşı törədilən cinayətlərdən heç də geri qalmır. Görüşdə çıxış edən “Ozan” AMM-nin sədri Rəfail Quliyev, mərkəzin fəalları Elxan Bədəlbəyli, hüquq fakültəsinin tələbəsi Sadiq Kərimov, yerli universitetin müəllimi Vüsal Quliyev və digərləri xalqımızın başına saysız-hesabsız müsibətlər gətirmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən danışmışlar. Onlar erməni cəlladların dinc Xocalı sakinlərinə amansız divan tutmasını xüsusi vurğulamış, günahsız Xocalı qurbanlarının xatirəsinin heç vaxt unudulmayacağını bildirmişlər.
Çıxışlarda deyilmişdir ki, Azərbaycan münaqişənin dinc yolla həllini həmişə dəstəkləmişdir və indi də dəstəkləyir. Prezident İlham Əliyev bu siyasəti əzmlə həyata keçirir, lakin danışıqlar prosesi Azərbaycanın əzəli torpaqlarına iddialarından hələ də əl çəkməyən Ermənistanın təqsiri üzündən bir nəticə vermir.
Tədbirdə iştirak edən “Dağıstan Mədəniyyəti Cəmiyyəti” regional ictimai təşkilatının başçısı Xanəhməd Gülov, Viktor Polyaniçko adına Fondun sədri Yuri Aleksandroviç, Almaniya Mədəniyyət Mərkəzinin rəhbəri Aleksandr Nahtiqal, Rus Mədəniyyət Mərkəzinin direktoru Pyotr Akimov və başqaları çıxışlarında Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirmişlər. Onlar diasporların nümayəndələrinin bu təşəbbüsünü bəyənərək bildirmişlər ki, belə tədbirlərin keçirilməsi olduqca zəruridir.