Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
Bakı, 24 fevral, AZƏRTAC
Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə fevralın 24-də Daxili İşlər Nazirliyində (DİN) görüş keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 24 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini vurğulayıb ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşılıb. Soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz Ümummilli Liderimizin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verilib. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə 26 fevral Xocalı Soyqırımı Günü elan olunub, 1997-ci il fevralın 25-də isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncam imzalanıb.
Diqqətə çatdırılıb ki, hələ ötən əsrin 80-ci illərinin sonlarından erməni millətçiləri öz havadarlarının köməyi ilə Qarabağ bölgəsində strateji əhəmiyyətə malik məntəqə kimi Xocalını ələ keçirməyə can atırdılar. Lakin bu xain hücumların qarşısı hər dəfə şəhərin qəhrəman müdafiəçiləri tərəfindən qətiyyətlə alınırdı. Ancaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yeksan etdilər. Nazir müavini işğalçılarla qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladıb.
Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leytenantı Oruc Zalov işğaldan sonra erməni qəsbkarları tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirib. Bildirilib ki, faciədən artıq 24 il keçməsinə baxmayaraq, vəhşicəsinə, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dünyanın müxtəlif ölkələrində ehtiramla anılır.
Nazir müavini xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beş il öncə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır. Məhz buna görə getdikcə daha çox dövlət, həmçinin ABŞ-ın 20 ştatı, mötəbər beynəlxalq qurumlar Xatın, Sonqmi kimi bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini soyqırımı kimi tanımağa başlayır. Onlar Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirir, erməni millətçilərinin 24 il öncə törətdikləri dəhşətli qətliamı şiddətlə qınayır və qəti şəkildə pisləyirlər.
Nazir müavini bu gün respublikamızın regionda lider dövlətə çevrildiyini, dünyada gedən iqtisadi böhrana baxmayaraq, ölkəmizin siyasi və hərbi qüdrətinin durmadan artdığını, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə dövlətimizin başçımızın qətiyyətli mövqeyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Oruc Zalov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Şəhid ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildiriblər.