XOCALI FACİƏSİNİN 16-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ GÜLLƏ ATICILIĞI ÜZRƏ YARIŞA YEKUN VURULMUŞDUR
Məktəblilərin ibtidai hərbi hazırlıq səviyyəsinin və vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədi ilə Səbail Rayon Gənclər və İdman İdarəsi, Vətən Müharibəsi Veteranları Birliyi Səbail Rayon şöbəsi və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 16-cı ildönümünə həsr edilmiş güllə atıcılığı üzrə turnir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və “Ruhların harayı” filmi nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov belə yarışların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirmişdir ki, yaxın vaxtlarda Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında atıcılıq turniri keçiriləcək və 239 nömrəli məktəbdə isə ibtidai hərbi hazırlıq kabineti istifadəyə veriləcəkdir.
Prezident İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını xatırladan icra başçısı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində görülmüş işləri xüsusi vurğulamışdır.
Tədbirdə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən söz açmışlar.
Səbail rayonunun 16 orta məktəb komandasının iştirakı etdiyi yarışın yekunlarına görə birinci yerə 189 nömrəli, ikinci yerə 160 nömrəli, üçüncü yerə isə 190 nömrəli orta məktəblərin şagirdləri çıxmışlar.
Fərdi yarışlarda isə oğlanların mübarizəsində 49 nömrəli orta məktəbin şagirdi Farid İsmayılov, qızlar arasında isə 190 nömrəli orta məktəbin şagirdi Dilarə Səfərli qalib elan olunmuşlar.
Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
######
![]() |
![]() |

