Xocalı faciəsinin 19-cu ildönümü onlarla ölkədə qeyd olunacaqdır
Bakı, 19 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı dünyanın onlarla ölkəsində tədbirlər, anma mərasimləri, sərgi və konfranslar keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anma mərasimləri, “dəyirmi masa” və konfranslar keçiriləcək, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərini əks etdirən fotosərgilər təşkil ediləcək, sənədli filmlər göstəriləcəkdir.
Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada, Avropanın bir sıra ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək tədbirlərə bu ölkələrdəki Azərbaycan diasporu ilə yanaşı, türk, yəhudi icmalarının, eləcə də ictimai-siyasi təşkilatlarının, parlament nümayəndələrinin qatılacağı gözlənilir.
Türkiyənin bir sıra şəhərlərində də anma mərasimləri, konfrans və “dəyirmi masa”lar təşkil olunacaqdır. Bu qəbildən tədbirlər Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də keçiriləcəkdir. Misir, Birləşmiş Ərəb Əmirlikləri, İsraildə Xocalı faciəsi ilə bağlı elmi-praktiki konfranslar, fotosərgilər təşkil ediləcəkdir.
Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbirlər ABŞ-ın Corc Vaşinqton, Hyuston, Florida, Kanadanın Toronto universitetlərində, Avstraliya və Yeni Zelandiyada da keçiriləcəkdir.