QAN YADDAŞI
XOCALI FACİƏSİNİN BEYNƏLXALQ ALƏMƏ ÇATDIRILMASI ÜÇÜN STRASBURQDA MİTİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 23-də Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyasının və Azərbaycan Mədəni Kültür Dərnəyinin təşkilatçılığı ilə Strasburqda Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar mitinq keçirilmişdir.
Strasburqda yaşayan və təhsil alan azərbaycanlıların, Almaniyadan, Fransanın Bezanson, Dijon və Miluz şəhərlərindən gəlmiş Azərbaycan və türk diasporları təmsilçilərinin iştirak etdikləri mitinqdə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə təpədən dırnağadək silahlanmış azğın erməni hərbçilərinin 7 minlik əhalisi olan Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə - günahsız körpələrə, qadınlara, qocalara tutduqları amansız divandan söz açılmış, uydurma “erməni soyqırımı”nı tanımış Fransanın Xocalı faciəsinə reaksiya vermədiyi, indiyədək faciənin siyasi qiymət almadığı qeyd edilmişdir.
Mitinqdə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti, fond tərəfindən müxtəlif dillərdə çap olunmuş kitab və bröşürlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Xocalı şəhidlərinin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.
Strasburqdakı “Azərbaycan evi”nin rəhbəri Mustafa Alıncanın yerli radioda fransız dilində apardığı iki saatlıq verilişdə xalqımızın başına gətirilən bəlalardan, guya Osmanlı imperiyası dövründə saysız-hesabsız erməninin türklər tərəfindən qətlə yetirilməsinin dünya ictimaiyyəti tərəfindən tanınması üçün hər cür vasitələrdən istifadə edən ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdikləri soyqırımdan, bu faciənin tarixindən və səbəblərindən danışılmış, faciə ilə bağlı Heydər Əliyev Fondu tərəfindən buraxılmış kitablar barədə məlumat verilmişdir.
Radioda səslənmiş verilişdən dərhal sonra bir neçə strasburqlu Xocalı faciəsindən bəhs edən ədəbiyyatı almaq istəyi ilə “Azərbaycan evi”nə müraciət etmişdir.