XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ ALMANİYADA GENİŞ MİQYASDA QEYD OLUNACAQDIR
Berlin, 18 fevral (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə fevralın 18-dən 28-dək Berlin şəhərində Heydər Əliyev Fondunun “Xocalı uşaqların gözü ilə” sərgisinə daxil olan rəsmlərin nümayişini keçirir.
Eyni zamanda, AAKM fevralın 19-dan etibarən internet vasitəsilə bu ölkədəki ictimai birliklərə, diaspor təşkilatlarına, türk icmalarına, qeyri-hökumət qurumlarına, kütləvi informasiya vasitələrinə Xocalı soyqırımına dair həqiqətləri əks etdirən müraciət yayacaq, digər şəhərlərdə bu faciə ilə bağlı keçirilən tədbirlərdə istifadə etmək üçün əyani vəsaitlər göndərəcəkdir.
Azərbaycanın Almaniyadakı səfirliyi AAKM ilə birlikdə fevralın 25-də Berlində Xocalı faciəsinə həsr olunmuş xatirə gecəsi və “dəyirmi masa“ təşkil edəcəkdir. Tədbirdə alman ekspertləri, siyasətçi və alimləri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar. Toplantıda “Xocalıya ədalət” kampaniyasının təbliğat materialları təqdim ediləcəkdir. “Dəyirmi masa”da Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilməsinə nail olmaq yolları ilə bağlı müzakirələr aparılacaqdır.
Fevralın 26-da isə Berlindəki Türk Evində AAKM və Atatürk Düşüncə Mərkəzi səfirliyin dəstəyi ilə “Xocalı soyqırımının 18-ci ildönümü: Qafqazda sülhün bərqərar edilməsində Türkiyə-Azərbaycan münasibətlərinin önəmi və rolu” mövzusunda toplantı keçirəcəklər.
Həmin gün AAKM, Azərbaycan Evi, Alman Azərbaycan Həmrəylik Cəmiyyətinin təşəbbüsü, “İrəli” İctimai Birliyi və “Xocalıya ədalət” hərəkatının iştirakı ilə Berlinin “Breitscheidplatz” meydanında Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş mitinq keçiriləcəkdir. Mitinqdə “Xocalıya ədalət” kampaniyasına dair materialların təqdimatı nəzərdə tutulur.
Berlində fəaliyyət göstərən Tələbə və Elmi işçilər Birliyi isə internet vasitəsilə yayacağı məlumatlarla Xocalı soyqırımı haqqında alman ictimaiyyətində geniş təsəvvür yaratmağa çalışacaqdır.
Kölndəki Alman-Azərbaycan Kültür Cəmiyyəti də Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı konfrans təşkil edəcəkdir. Hamburqdakı Azərbaycan Mədəniyyət Cəmiyyəti isə soyqırıma etiraz əlaməti olaraq matəm yürüşü keçirəcəkdir.
Hamburq Alman-Azərbaycan Cəmiyyəti, Ştutqartdakı Azərbaycan Kültür Cəmiyyəti, Drezdendəki ALM.AZ Cəmiyyəti, Hannoverdəki “Xəzər” Cəmiyyəti də fevralın 26-da soyqırımın 18-ci ildönümünü qeyd edəcəklər.
Kassel şəhərində Alman-Azərbaycan Tələbə Gənclər Təşkilatı səfirliyin dəstəyi ilə Kassel Universitetinin akt zalında Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirəcəkdir. Eyni zamanda, soyqırım günü universitetdə və şəhərin mərkəzi hissələrində faciə haqqında məlumatı əks etdirən kitabçalar paylanacaqdır. Leypsiq şəhərindəki azərbaycanlı tələbələr də AAKM-in dəstəyi ilə Xocalı soyqırımına dair materialları kitabxanalara yayacaq, ictimaiyyəti bu qanlı faciə ilə bağlı məlumatlandıracaq və anım tədbiri keçirəcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin