Xocalı insanlığa qarşı amansız və kütləvi terror hadisəsidir
Oğuz, 26 fevral, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılmış ən dəhşətli səhifə, insanlığa qarşı amansız, kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Oğuz Rayon İcra Hakimiyyətində toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, ziyalıların, Xocalıdan olan məcburi köçkünlərin iştirak etdikləri tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilib, faciənin səbəbləri və acı nəticələrindən ətraflı bəhs edilib.
Qeyd olunub ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 23 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər.
Çıxış edənlər soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən “Uşaqlar və müharibə” mövzusunda rəsm və inşa yazı müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.
Tədbirin sonunda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.