Xocalı qətliamı - ötən əsrin ən dəhşətli faciəsi
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov xalqımızın ən yaxın tarixinin dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Xocalı qətliamını XX əsrin ən dəhşətli faciəsi kimi qiymətləndirən S.Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışıb. Bildirib ki, ötən 23 il bizi bu qanlı faciədən uzaqlaşdırmasına baxmayaraq, xalqımız bu acını daim hiss edir.
Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini qeyd edən sədr əvəzi bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə önəmli addımlar atılıb. O ayrı-ayrı ölkələrdə bu faciəyə həsr edilmiş tədbirlərin əhəmiyyətini də vurğulayıb.
Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC-in YAP ilk partiya təşkilatı sədrinin müavini Əvəz Qocayev Xocalı qətliamını bəşər tarixində qanlı hadisə kimi qiymətləndirib. Bildirilib ki, Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın amansızlıqla qətlə yetirilib, şəhər yerlə-yeksan edilib. Ə.Qocayev həmçinin əlavə edib ki, o vaxt erməni separatçıları ilə döyüşdə Xocalı əhalisinə köməklik göstərilməyib və bu soyqırımı barədə heç bir məlumat yayılmayıb.