Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir
Qax, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə “Şəhidlər xiyabanı”na gələrək Vətənimizin azadlığı uğrunda mübarizədə şəhid olan igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları sonra Xiyabandakı “Ana” abidəsinin önündə mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxıblar.
Rayon icra hakimiyyətinin foyesində təşkil edilən “Əsrin faciəsi - Xocalı” mövzusunda kitab və məktəblilərin rəsm əsərlərindən ibarət sərgilər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Anım tədbirində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qanlı hadisələr bir daha xatırlanıb, faciənin müəllifləri, terroru dəstəkləyənlər qətiyyətlə pislənilib. Çıxış edənlər soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin atdığı qətiyyətli addımları, onun bütün dünya azərbaycanlılarına etdiyi müraciəti yüksək qiymətləndiriblər. Vurğulanıb ki, məhz Ulu Öndərin sarsılmaz iradəsi və müdrik siyasəti nəticəsində Qarabağ problemi, o cümlədən Xocalı faciəsi ətrafında yaradılan informasiya blokadasına son qoyulub.
Bildirilib ki, bu qətliam haqqında beynəlxalq aləmin məlumatlandırılması və faciəyə hüquqi qiymətin verilməsi istiqamətində aparılan kampaniya bu gün də məqsədyönlü şəkildə davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə görülən işləri daha da sürətləndirib. Hazırda dünyanın bir çox ölkələrində Xocalı həqiqətlərinin üzə çıxarılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün ciddi təbliğat işi aparılır.
Tədbirin sonunda Xocalı faciəsinin dəhşətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.