Xocalı şahidlərinin yaddaşında - Tarix İnstitutunda anım mərasimi
Bakı, 26 fevral, AZƏRTAC
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, xalqımız bu ağrılı hadisəni heç vaxt unutmayacaq. Son dövrlərdə Xocalı qətliamını törədənlərdən bəzilərinin Bakıda Azərbaycan məhkəməsində mühakimə olunduğunu diqqətə çatdıran İ.Niftəliyev bildirib ki, ötən illər ərzində Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb. Bu çərçivədə müxtəlif kitablar və məqalələr çap edilib, sənədli filmlər çəkilib, respublika və beynəlxalq səviyyəli tədbirlər təşkil olunub. O əlavə edib ki, bu gün Xocalı qurbanlarının qisası alınıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Tədbirdə Xocalı faciəsinin canlı şahidləri, Qarabağ müharibəsi veteranları – təyyarəçilər Bayram Muxtarov və Nail Bektemirov iştirak ediblər. Onlar Xocalıda şahidi olduqları dəhşətli mənzərələri xatırlamağın belə ağır olduğunu bildiriblər və həmin günlərin yaddaşlarına silinməz iz buraxdığını vurğulayıblar.
Daha sonra Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri Ədalət Mustafayev “XX əsrin ən böyük cinayəti: Xocalı soyqırımı”, böyük elmi işçi Həlimə Kazımova “Xocalı soyqırımının Rusiya tarixşünaslığında əksi”, kiçik elmi işçi Jalə Rəhimova isə “Xocalı soyqırımı dünyanın gözü ilə” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər vurğulayıblar ki, xalqımız 33 ildir bu faciənin ağrı-acısını daşıyır. Lakin bu gün Azərbaycan qalib ölkə kimi Xocalı soyqırımı qurbanlarının xatirəsini anır. Şəhidlərin ruhu şaddır, çünki Xocalı şəhəri də daxil olmaqla, işğal altındakı bütün torpaqlar azad edilib.