ELM VƏ TƏHSİL
Xocalı soyqırımı - insanlıq əleyhinə yönəlmiş ən amansız cinayət
![](/files/galleryphoto/2023/1/1200x630/16773138035122324521_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16773138032615949463_1200x630.jpg)
Bakı, 25 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.
Daha sonra institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva Xocalı soyqırımı barədə məruzə ilə çıxış edib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını qeyd edib. İnstitutun digər elmi əməkdaşları da çıxış edərək, Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflərini səsləndiriblər.
Sonda Xocalı faciəsinin dəhşətlərini əks etdirən film nümayiş olunub.