Xocalı soyqırımı – tarixdə insanlığa yaraşmayan ən dəhşətli cinayət
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 27 il əvvəl ermənilərin və onların havadarlarının törətdiyi bu soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tarixində insanlığa yaraşmayan ən dəhşətli cinayət olduğunu diqqətə çatdırıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınması istiqamətində aparılan dövlət siyasəti barədə tarixi faktları nəzərə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov Azərbaycan və Türkiyə tarixində erməni məsələsi ilə bağlı problemlərin haradan qaynaqlanması və bu problemlərin inkişaf mərhələləri barədə tədbir iştirakçılarına məlumat verib.