Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindən biridir
Bakı, 24 fevral, AZƏRTAC
Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi barədə məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib. O, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək cəsədlərinin təhqir edildiyini, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150-nin taleyinin hələ də naməlum qaldığını, qətlə yetirilənlərin 63-nün uşaq, 106-nın qadın, 70-nin qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini diqqətə çatdırıb.
İcra başçısı Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edib. Bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, məhz Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-nın “Xocalı soyqırımı günü” elan edildiyini bildirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov erməni qəsbkarları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasətin, erməni qəsbkarlığının ifşasına yönəlmiş uğurlu addımların öz bəhrəsini verdiyini, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini vurğulayıb.
Xocalılı məcburi köçkün, şəhid ailəsindən olan Mehriban Əliyeva çıxışında Xocalıda erməni vandallarının törətdikləri qətliamın tarixdə ən dəhşətli faciələrdən biri olduğunu söyləyib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd edib. O, eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.
Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının layiqli cəzalarına çatacaqlarına, Azərbaycanın işğal altındakı bütün torpaqlarının düşmən tapdağından tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
Anım mərasimi Odlar Yurdu Universitetinin tələbələrinin hazırladığı, Xocalı dəhşətlərini əks etdirən “Süsən sünbül” tamaşasının nümayişi ilə davam etdirilib.
Rayonun ərazisində yaşayan Xocalıdan olan şəhid ailələrinə rayon icra hakimiyyəti tərəfindən yardım göstərilib.