Xocalı soyqırımı bəşəriyyətə qarşı qanlı cinayətdir
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və Xankəndidə yerləşən, keçmiş sovet ordusunun 366-cı alayının hərbçiləri tərəfindən törədilən Xocalı soyqırımının məkrli erməni siyasətinin növbəti qanlı cinayətlərindən biri olduğunu vurğulayıb. Direktor qeyd edib ki, Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən qətliam təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütövlükdə bəşəriyyətə yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə silahsız mülki insan, qadın və uşaqlar yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetiriliblər.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl siyasət yürüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımının tanıdılması istiqamətində çox uğurlu iş aparır.
Tədbirdə akademik Teymur Bünyadov və başqaları Xocalı soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşayacağına, bu cinayətləri törətmiş erməni işğalçılarından layiqli qisasın alınacağına əminliklərini bildiriblər.