Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı ən dəhşətli cinayətdir
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) geologiya, fizika və mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov ermənilərin törətdiyi Xocalı soyqırımının azərbaycanlılara və bütün bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıb.
BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində həyata keçirilən tədbirlər və hədəflər barədə geniş məlumat verib.
Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev və Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsində qazandığımız böyük Zəfərin sonsuz qürur hissləri doğurduğunu vurğulayıblar.
Sonra BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri Aysu Əliyeva, Nəzrin Cəlilova, İsmayıl Cəlilov, Ayan Hüseynov və Əli Qurbanlı Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.