Xocalı soyqırımı ilə əlaqədar Tbilisinin mərkəzində aksiya keçirilib
Tbilisi, 26 fevral, AZƏRTAC
“Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində fevralın 26-da Tbilisinin mərkəzində aksiya keçirilib.
Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən aksiyada Gürcüstan parlamentinin deputatları, azərbaycanlı və gürcü tələbələr, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Rustaveli” metrosunun qarşısından başlayan aksiya Tbilisinin mərkəzindəki parlamentin binası önündə başa çatıb. Beş yüzə yaxın insanın iştirak etdiyi aksiyada “Xocalıya ədalət”, “Ermənistan işğala son qoy”, “Ar olsun Ermənistana” və s şüarlar səsləndiriblər.
Sonda bəyanat qəbul olunub.
Sonra aksiya Ermənistanın Tbilisidəki səfirliyi qarşısında davam etdirilib.
Burada əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını, plakatlar tutmuş aksiya iştirakçıları müxtəlif şüalar səsləndiriblər.
Bəyanatın bir nüsxəsi səfirliyə təqdim olunub.
Aksiya insidentsiz başa çatıb.
AMM-in rəhbəri Fazil Həsənov AZƏRTAC-a bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər təşkil olunub. Tədbirlərin sonu olaraq bu gün Tbilisidə aksiya keçirilib. Məqsədimiz Gürcüstan ictimaiyyətini daha çox məlumatlandırmaqdır.
O deyib: “Bu aksiya nəticəsində təkcə azərbaycanlılar və gürcülər deyil, Tbilisidə olan qonaqlar da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusən də Xocalı faciəsi ilə bağlı ətraflı məlumat alacaqlar”.
Gürcüstanın tarixçi alimi Quam Marxuliya AZƏRTAC-a müsahibəsində deyib: “Mən Gürcüstanın və Azərbaycanın üzləşdiyi problemlərlə daha yaxından tanışam. Burada iştirak etməkdə məqsədim tələblərimi də aksiyaya dəvət etməklə onları daha çox məlumatlandırmaqdır. Bu aksiyaya mənimlə birlikdə 50-yə yaxın gürcü tələbə gəlib. Onlar Xocalı soyqırımı ilə bağlı məlumat toplayır, tarixi faktları araşdırırlar. Hesab edirəm ki, azərbaycanlı və gürcü tələbələr bu tarixi dərindən bilməli, ermənilərin Cənubi Qafqazda törətdikləri qırğınları öyrənməli, daha sıx birləşməli, bir daha faciə yaşamağımıza imkan verməməlidirlər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi