Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın 30-dan çox ölkəsində anılacaqdır
Bakı, 21 fevral (AZƏRTAC). Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində faciə qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Artıq bəzi ölkələrdə Azərbaycan diasporunun və səfirliklərin xətti ilə Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş tədbirlərə başlanılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu il Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası ölkələri, Avstraliya, Yeni Zelandiya da daxil olmaqla, dünyanın 30-dan çox ölkəsində Xocalı faciəsinin qurbanları yad edilir.
Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımına həsr olunmuş “dəyirmi masa”, konfrans keçirilmiş, Misirin paytaxtı Qahirədə Xocalı faciəsinə həsr edilmiş sənədli filmlər nümayiş etdirilmişdir. Ukraynanın paytaxtı Kiyevdə fevralın 18-dən 22-dək soyqırımla əlaqədar qanvermə aksiyası keçirilir. Fevralın 25-də isə Ukrayna paytaxtında BMT və ATƏT nümayəndəliyi önündə mitinq keçirilməsi nəzərdə tutulur. Ölkənin Odessa, Dnepropetrovsk, Poltava, Luqansk, Nikolayev, Vinnitsa, Donetsk, Lvov, Sevastopol şəhərlərində fevralın 26-dək Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı “dəyirmi masa”, anma mərasimi, konfranslar təşkil olunacaqdır.
ABŞ-ın Los-Anceles şəhərindəki təhsil ocaqlarında fevralın 19-dan Xocalını anma həftəsi başlamışdır. XX əsrin insanlıqdan uzaq cinayəti - Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimləri ABŞ-ın Vaşinqton, Hyuston, Mayami, San-Fransisko, San-Xose, Los-Anceles kimi şəhərlərində təşkil olunacaqdır. Fevralın 26-da isə Nyu-Yorkda, BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası planlaşdırılır. Həmin gün, həmçinin Nyu-Yorkda “Pax Turcica” sistemi vasitəsilə türk və Azərbaycan icmalarının üzvləri tərəfindən müvafiq yerli və federal orqanlara Xocalı soyqırımının tanınması məqsədi ilə məktubların göndərilməsi nəzərdə tutulmuşdur.
Fevralın 26-da Kanadanın Toronto, Monreal, Hamilton, Vankuver şəhərlərində də Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcəkdir.
Fevralın 21-dən başlayaraq Türkiyənin İzmir, İstanbul, Əskişehir, Adana, Yalova şəhərlərində Xocalı mövzusunda konfranslar, fotosərgi və yürüş təşkil ediləcəkdir. Fevralın 26-da Ankarada Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Əskişehir Azərbaycanlılar Dərnəyinin beş nəfərlik nümayəndə heyətinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) nümayəndə heyəti ilə birlikdə Türkiyə Böyük Millət Məclisi nümayəndələri ilə görüşü olacaqdır.
Gürcüstanda “Xocalı ayı” çərçivəsində fevralın 26-dək ölkənin Kvemo Kartli-Borçalı bölgəsində və paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş kitablar, foto-audio materiallar, sənədli və bədii filmlər nümayiş etdiriləcəkdir. Fevralın 26-da Tbilisinin mərkəzi küçələrində yürüş təşkil olunacaqdır.
Xocalı qətliamının qurbanları Almaniyada da yad ediləcəkdir. Fevralın 22-23-də Berlin, Hannover, Hamburq, Frankfurt, Drezden, Potsdam şəhərlərində anma mərasimləri, fotosərgi, konfrans və etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Maqdeburq şəhərində isə Xocalı soyqırımına həsr olunmuş avtomobil yürüşünün təşkili planlaşdırılır. Fevralın 26-da Berlində soyqırımın 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcəkdir.
İsveçin paytaxtı Stokholmda Xocalı soyqırımının ildönümü ilə bağlı etiraz aksiyasının keçirilməsi isə fevralın 23-də baş tutacaqdır.
Belarusun paytaxtı Minskdə də fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş anma mərasimi, “dəyirmi masa” və konfransların keçirilməsi gözlənilir.
Fevralın 24-də Qazaxıstanın paytaxtı Astanada və ölkənin bütün vilayətlərində Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimləri və “Xocalı xatirəsi” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Rusiyada Xocalı soyqırımının dəhşətli nəticələrinin ictimaiyyətə çatdırılması məqsədi ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) saytında, mətbu orqanı “Azerbaydjanskiy Konqres” qəzetində və digər kütləvi informasiya vasitələrində Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr edilmiş materialların dərci planlaşdırılmışdır. Fevralın 26-da Rusiya paytaxtında xatirə gecəsi təşkil olunacaqdır.
Fevralın 25-də İsrailin paytaxtındakı Təl-Əviv Universitetində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı “Justice for Khojaly” (“Xocalıya ədalət”) adlı fotosərgi açılacaqdır.
Qırğızıstanın paytaxtındakı Türk Manas Universitetində isə Xocalı faciəsi Vahid Mustafayevin “Xoca” filmi ilə anılacaqdır.
Fevralın 26-da Meksikada, Belçikanın paytaxtı Brüsseldə, Niderlandın paytaxtı Amsterdamda, Rotterdam, Haaqa şəhərlərində, Moldova, Danimarka, Polşa, Estoniya, Litva, Rumıniya, Çexiyada Xocalı faciəsinin qurbanları anılacaq, “dəyirmi masa” və konfranslar təşkil olunacaqdır.