Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün Praqanın Respublika Meydanında çadır quraşdırılmışdır
Praqa, 26 fevral (AZƏRTAC). Fevralın 24-də Praqada təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə şəhərin mərkəzində yerləşən və daim gur insan axını ilə seçilən Respublika Meydanında (Namesti Respubliky) çadır quraşdırmışlar.
Çadırda tədbir boyu Xocalı soyqırımına dair sənədli film, eləcə də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmişdir. Bundan əlavə, “Azərbaycan Hava Yolları” QSC-nin Çexiya nümayəndəliyinin və Praqada yaşayan azərbaycanlıların dəstəyi ilə tədbir iştirakçılarına çay, təbii meyvə şirələri və Azərbaycan şirniyyatı təklif edilmişdir.
Praqanın şimal-qərbində yerləşən Liditsedə 1942-ci ilin iyununda faşistlər tərəfindən kütləvi qırğın törədilmiş, 340 insanın, o cümlədən 88 uşağın həyatına son qoyulmuşdur. Bu baxımdan Xocalı və Liditse bir növ eyni taleyi yaşamış məkanlar olduğu üçün çadırın ətrafında “1942 Liditse - 1992 Xocalı” stendi və eləcə də Xocalı soyqırımını əks etdirən fotostendlərdən ibarət sərgi də təşkil edilmişdir. Həmçinin Çexiyanın məşhur fotoqrafı, bir neçə dəfə Azərbaycanda səfərdə olmuş M.Kupsanın ölkəmizdə çəkdiyi fotoşəkillər də sərgilənmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Tahir Tağızadə, Ostrava Muzeyinin baş kuratoru David Mayer, jurnalist Eldar Vəliyev və Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış etmişlər.
Azərbaycan səfiri Xocalı soyqırımı barədə məlumat vermişdir. Çıxışı zamanı T.Tağızadə Çexiyanın sabiq Prezidenti Vatslav Havelin inqilabdan sonra dediyi “Gələcəyi qurmaq üçün arxaya baxmamalıyıq” kəlamını xatırlatmışdır. Vurğulamışdır ki, bunu o halda etmək olar ki, keçmişdə baş verən hadisələrə hüquqi qiymət verilsin. Səfir qeyd etmişdir ki, Çexiya Prezidentinin gerbinin qədim qusit şüarı “Həqiqət qələbə çalır” ifadəsini açıqlayır və bu qədər iştirakçının tədbirə qatılması ermənilərin uydurma arqumentlərinin ifşa olunduğunu göstərir.
Tədbirin meydandan keçən insanlar arasında böyük maraq doğurduğu müşahidə edilirdi. Təşkilatçıların müşahidəsinə əsasən, tədbir boyu təxminən 1500 nəfərə çex dilində Xocalı faciəsi haqqında çap olunmuş vərəqələr paylanmışdır.
Tədbirdə, həmçinin Türkiyənin Çexiyadakı səfiri Cihad Erginay, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov, Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının nümayəndələri də iştirak etmişlər.
Tədbirin sonunda Xocalıda qətlə yetirilmiş günahsız insanların xatirəsinə şamlar yandırılmışdır. Sonra səfirlik tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilmişdir.
Xocalı soyqırımı ilə bağlı Çexiyanın mətbuatında, o cümlədən “Metro” qəzetində və televiziyada məlumat verilmişdir.
Fevralın 25-də səfirliyin dəstəyi ilə Azər-Çex Cəmiyyəti tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir Praqanın Sülh Meydanında (Namesti Miru) da keçirilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa