Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 21-də Bakı Slavyan Universitetində (BSU) Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Gənclər və İdman İdarəsi nümayəndələrinin, universitetin professor-müəllim heyətinin, tələbələrin iştirak etdikləri tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Oktay Səmədov erməni millətçilərinin əsassız iddialarından, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən, məqsədyönlü siyasətindən danışmışdır. Qeyd etmişdir ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması, bu istiqamətdə yazıçı və alimlərimizin fəallıq göstərməsi olduqca vacibdir. Gələcək nəsillər xalqın tarixindəki faciəvi səhifələri unutmamalıdır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin böyük qüvvə olduğunu, bunun sübutu kimi Ağ evin rəsmi saytında yerləşdirilmiş Xocalı soyqırımı və Dağlıq Qarabağla əlaqədar petisiyanı diqqətə çatdıran O.Səmədov tələbələri bu işdə daha fəal olmağa çağırmışdır.
“Azərbaycanşünaslıq” Tədris-Mədəniyyət Mərkəzinin böyük elmi işçisi, Qarabağ müharibəsi iştirakçısı S.Məmmədov Azərbaycan xalqının faciələri ilə bağlı bir çox məqamlara toxunaraq, bu məsələdə hər kəsi daha həssas olmağa, tariximizi dərindən öyrənməyə, bilikli və vətənpərvər ruhda gənclər kimi yetişməyə çağırmışdır.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini Elnurə Abdullayeva gəncləri bu vəhşilikləri unutmamağa və heç bir zaman bağışlamamağa səsləmiş, çox yaxın gələcəkdə torpaqlarımızın azad olunacağına inandığını vurğulamışdır.
Tədbirin sonunda Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi “Xocalım” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişdir.