Xocalı soyqırımına həsr olunan “Cavab ver” ədəbi-bədii kompozisiyası təqdim edilib
Bakı, 24 fevral, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon MKS-nin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialının və Seyid Məhəmməd Pişəvəri adına Respublika Humanitar Fənlər Liseyinin (RHFG) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Cavab ver” ədəbi-bədii kompozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimini Mərkəzin əməkdaşı Nigar Hüseynova açıb, soyqırımının acı nəticələrindən danışıb.
Xocalı faciəsi şahidlərinin, şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kompozisiyanın müəllifi, şair-publisist Zərəngiz Dəmirçi Qayalı çıxış edərək bildirib ki, Xocalı faciəsi müasir tariximizin ən faciəli qan yaddaşıdır. O, yeniyetmələrə Azərbaycanın faciəli günlərini unutmamağı, düşmənlərimizin önündə hər zaman ayıq-sayıq olmağı tövsiyə edib. Həmçinin Xocalı soyqırımına ilk siyasi qiymətin məhz Ümummilli Lider tərəfindən verildiyini xatırladıb. Qeyd edib ki, bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə də "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası böyük əhəmiyyət daşıyır.
AMEA-nın Tarix İnstitutunun elmi işçisi Nazim Tapdıqoğlu, Qarabağ müharibəsi qaziləri Şakir Abbasov, Sevil Abbasova, Təbrizdə dərc olunan “Mişov dağı” dərgisinin təsisçisi və baş redaktoru Akşin Ağkəmərli, şair-publisistli Vahid Çaylı, liseyin müəllimi Sücayət Qayayeva və başqaları Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən, qısa müddət ərzində Xocalı genosidinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi qəbul edilməsindən söhbət açıblar.
Sonda Seyid Məhəmməd Pişəvəri adına Respublika Humanitar Fənlər Liseyinin 5-ci sinif şagirdlərinin ifasında “Cavab ver” poeması əsasında eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub.