Xocalı soyqırımını qurbanları Mərakeşdə yad edilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti və Aqdal rayon bələdiyyə şurasının təşkilatçılığı, ölkəmizin Mərakeşdəki Səfirliyinin dəstəyi ilə fevralın 26-da Rabatdakı Aqdal Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Məhəmməd Fəqiri tədbiri açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qırğını azərbaycanlılara qarşı soyqırımı cinayəti kimi qiymətləndirmiş və Xocalı soyqırımının iyirminci əsrdə törədilmiş ən dəhşətli və amansız qanlı cinayət olduğunu xüsusi qeyd etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər də erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin iyirminci əsrin ən ağır cinayətlərindən biri kimi Azərbaycan xalqına qarşı genosid olduğunu bildirmişlər.
Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Xocalı soyqırımı haqda film nümayiş etdirilmişdir.
Mərasimdə Respublikamızın Mərakeşdəki səfiri Tarik Əliyev, səfirliyin əməkdaşları, Rabatda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ali məktəblərin tələbə və müəllimləri, KİV və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.