Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Londonda yürüş-mitinq keçirilmişdir
London, 25 fevral (AZƏRTAC). Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) və Londonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Londonda yürüş-mitinq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şaxtalı hava şəraitinə baxmayaraq bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı çoxsaylı insan iştirak etmişdir.
Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar etmiş, “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirmişlər.
Trafalqar meydanında başlanan yürüş Britaniya parlament binasının qarşısında mitinqlə davam etmişdir.
Aksiya çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşurlar paylanmışdır.
Aksiya Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başa çatmışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London