Xocalı soyqırımının 24-cü ildönümü Argentinada qeyd edilib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfirlik və Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrası tərəfindən təşkil olunan tədbirdə həmin universitetin professor-müəllim heyəti və 2015-ci ildə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə qatılmış tələbələr iştirak ediblər.
Müvəqqəti işlər vəkili Rəşad Aslanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verib. Tədbir iştirakçıları 1992-ci il fevralın 26-da Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımı, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası barədə məlumatlandırılıblar. Güclü erməni diasporu olan Argentinada da Xocalı faciəsi, ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasının zəruriliyi qeyd edilib.
Daha sonra çıxış edən azərbaycanşünaslıq kafedrasının əlaqələndirici professoru Paulo Botta Xocalıda törədilmiş soyqırımının danılmasının qeyri-mümkünlüyünü, Argentinada həmin hadisələrlə bağlı məlumatlılığın artırılmasının zəruriliyini bildirib. Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşən P.Botta torpaqlarının 20 faizinin işğal altında olmasına, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə çalışdığını vurğulayıb.
Tədbirdə, həmçinin 2015-ci ildə Argentinada keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə “Haqqında danışılmayan soyqırımı” adlı inşa ilə qatılmış insan hüquqları və humanitar hüquq sahəsində mütəxəssis Fabio Pistritto çıxış edib. F.Pistritto yazısı ilə bağlı araşdırma apardığı zaman Argentina cəmiyyətində Xocalı soyqırımı haqqında çox məhdud məlumatın olduğunu bildirib və bu istiqamətdə daha çox iş aparılmasının zəruriliyini qeyd edib.
Sonda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib, tədbir iştirakçılarına Xocalı qətliamı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində kitab və jurnallar təqdim olunub.