Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir
Bakı, 19 fevral, AZƏRTAC
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təsdiq edilmiş plana əsasən, tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanaları əhatə edir.
İctimai-siyasi hazırlıq dərslərində “26 fevral - Xocalı soyqırımı” mövzusunda tədbirlərin təşkili, ilk dərslərin qanlı hadisəyə həsr edilməsi, konfrans və “dəyirmi masa”ların, ədəbi-bədii gecələrin, sərgilərin, faciə qurbanlarının ailə üzvləri ilə görüşlərin keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlərin, tamaşaların nümayişi də nəzərdə tutulub. Tədbirlər planına əsasən, Goranboy Rayon İcra Hakimiyyəti ilə birlikdə “Xocalı qisasa çağırır bizi” devizi altında faciə qurbanlarının xatirəsinin anım mərasimi keçiriləcək. “Qızıl ulduzlu qəhrəmanlarımız” silsiləsindən növbəti tədbir isə Beyləqan rayonundan olan Azərbaycan Milli qəhrəmanlarının xatirəsinə həsr ediləcək.
Bundan əlavə, şəxsi heyət Xətai rayonunda, Goranboy rayonunun mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.
Fevralın 26-da saat 17:00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dövlət bayrağı endiriləcək.