Xocalı soyqırımının 24-cü ildönümü xaricdə kütləvi tədbirlərlə qeyd ediləcək
Bakı, 16 fevral, AZƏRTAC
Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərə elmi-praktiki konfranslar, “dəyirmi masa”lar, anım yürüşləri, etiraz aksiyaları, fotosərgi, video və film nümayişləri, fləşmoblar daxildir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Moldova, Belarus və digər ölkələrin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüşlər, fləşmoblar, fotosərgilər təşkil olunacaq, ictimai nəqliyyatda videoçarxlar nümayiş etdiriləcək. Həmçinin fevralın 24-də Finlandiya Azərbaycan Assosiasiyası, fevralın 26-da Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti, Azərbaycan İsveç Federasiyası, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Avropada fəaliyyət göstərən digər diaspor təşkilatları tərəfindən Xocalı soyqırımı ilə bağlı konfransların və “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, “Xəzər” Cəmiyyəti, Azərbaycan Evi, Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, “Alm.Az.” Cəmiyyəti Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı müxtəlif formatlı tədbirlər keçirəcək. Fevralın 24-də Almaniyadakı Azərbaycan Evinin təşkilatçılığı ilə Berlində “Aleksandr Plats” meydanında fləşmobun, fevralın 28-də isə Brandenburq darvazası qarşısında Xocalı faciəsinə həsr olunan yürüşün keçirilməsi də nəzərdə tutulur. Atatürkçü Düşüncə Dərnəyi, Azərbaycan Evi kimi təşkilatlar da Xocalı qətliamına həsr olunan tədbir, fotosərgi və film nümayişi təşkil edəcəklər.
Niderlandda fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti tərəfindən Xocalı faciəsinə həsr olunan broşürlər paylanılacaq, Azərbaycan Türk Kültür dərnəyi tərəfindən Niderland parlamentinin önündə Xocalı faciəsini əks etdirən çadır quraşdırılacaq.
Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ABŞ və Kanadada da kütləvi tədbirlərlə anılacaq. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirəcək, Konqresə, eləcə də ştatların qanunvericilik orqanlarına müraciətlər göndərəcək, Xocalı hadisələrinə dair məlumatları əks etdirən plakatlardan ibarət guşə yaradacaq. Şimali Kaliforniya Amerika Azərbaycan Mədəniyyət Cəmiyyəti, Şimali Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Evi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil edəcək. Nyu-York Azərbaycan - Amerika Qadınlar Assosiasiyası isə Xocalı faciəsinin ildönümü ilə bağlı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirəcək.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin regional bölmələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti kimi təşkilatlar da Xocalı soyqırımına həsr olunan anım tədbirləri keçirəcək. Gürcüstan, Rusiya, Türkiyə kimi ölkələrdə faciənin ildönümü ərəfəsində konfrans və “dəyirmi masa”lar təşkil olunacaq. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələri tərəfindən müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rusiyanın bir çox kütləvi informasiya vasitələrində Xocalı soyqırımının ildönümünə həsr edilən materialların nəşri, Türkiyədə isə “Xocalı şeir antologiyası” kitabının təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bundan başqa, Xocalı mövzusunda panel və fotosərgilər də təşkil ediləcək. Hazırda Gürcüstanda Xocalı ayı çərçivəsində tədbirlər keçirilir.