ELM VƏ TƏHSİL
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin akt zalının qarşısında açılmış “Xocalı tələbələrin gözü ilə” sərgisi ilə tanış olublar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, mərasimi açan Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mansur Zərbəliyev Xocalı soyqırımının bəşər tarixində ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Soyqırımına siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini deyən Mansur Zərbəliyev Xocalı həqiqətlərinin dünya miqyasında yayılması məqsədilə “Xocalıya ədalət!” məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirildiyini, filmlər çəkildiyini vurğulayıb.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov 28 il əvvəl törədilmiş qanlı cinayətdən söz açıb, Xocalı sakinlərinin xüsusi qəddarlıqla qətlə yetirildiyini xatırladıb. O, tələbələri ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bu faciəni unutmamağa, onu bütün dünya ictimaiyyətinə çatdırmağa səsləyib.
Tədbirdə fakültənin tələbələri Xocalı ilə bağlı şeir və mahnılar səsləndiriblər.