REGİONLAR
Xocavəndli seçici: İşğaldan azad edilən ərazilərdə seçki məntəqələrinin yaradılması qürurverici hadisədir
Xocavənd, 16 yanvar, AZƏRTAC
Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq ölkəmizin beynəlxalq səviyyədə tanınan bütün ərazisi çərçivəsində keçiriləcək. İşğaldan azad edilən ərazilərdə seçki məntəqələrinin yaradılması hər birimiz üçün qürurverici hadisədir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocavənd rayon Salakətin kənd tam orta məktəbin tarix müəllimi Telli Əliyeva deyib.
O bildirib ki, uzun illərdən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan dövləti yeni dövrə qədəm qoyur. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xankəndi, Xocalı, Əskəran, Xocavənd və Ağdərədə də Azərbaycan bayrağının dalğalanması bizi çox sevindirdi.
“Növbədənkənar prezident seçkilərinin keçiriləcəyi fevralın 7-si hər bir Azərbaycan vətəndaşı üçün məsuliyyətli gündür. Biz xocavəndlilər də seçkilərdə yüksək əhvali-ruhiyyə ilə iştirak edəcəyik, qalib xalqın qalib vətəndaşı kimi səs verəcəyik. Bütün xalqımızı bu seçkilərdə fəal iştirak etməyə çağırıram”, - deyə Xocavənd sakini əlavə edib.