SİYASƏT
Xorvatiyalı parlamentarilər azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviç ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndər görkəmli dövlət xadimi və siyasi xadim olmaqla yanaşı, xalqının taleyini dəyişdirən böyük Lider, əvəzolunmaz şəxsiyyətdir. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrü kimi xarakterizə olunur.
Söhbət zamanı, həmçinin ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də rolundan danışılıb, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, parlamentarilərimiz arasında təmasların artması münasibətlərin daha da dərinləşməsinə töhfə verə bilər.
Xorvatiya nümayəndə heyəti regionda baş verən hadisələr, azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumatlandırılıb.
Dost Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən Davorko Vidoviç ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət”lə tanış olduğunu, işğaldan azad edilmiş Ağdama getdiyini bildirib və təəssüratlarını bölüşüb.
Görüşdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.