ELM VƏ TƏHSİL
“XÜSUSİ EHTİYACI OLAN UŞAQLAR ÜÇÜN TƏHSİL: TƏCRÜBƏLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA MÜZAKİRƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yerli və beynəlxalq QHT-lərdən olan təhsil işçilərinin, tanınmış pedaqoqların iştirak etdikləri tədbirdən başlıca məqsəd xüsusi ehtiyacı olan uşaqların təhsili ilə bağlı beynəlxalq təcrübəni açıq müzakirələr yolu ilə milli pedaqoji ictimaiyyətə və üçüncü sektorun nümayəndələrinə təqdim etmək idi.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq, ”Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun prezidenti Mehriban xanım Əliyevanın salamını iştirakçılara çatdırmış, ölkəmizdə xüsusi ehtiyacı olan uşaqların təlim-tərbiyəsi ilə bağlı görülən işlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, bu qəbildən olan uşaqlar üçün hazırda 14 internat tipli müəssisə, 6 xüsusi məktəb fəaliyyət göstərir. Həmin müəssisələrdə 5535 şagirdin təlim-tərbiyəsi ilə 1496 pedaqoji işçi məşğul olur. İnternat məktəblərdən yalnız 2-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlardan 2906-sı internatlarda, 2629-u isə bilavasitə valideyn yanında yaşayaraq xüsusi təhsilə cəlb edilmişdir.
Nazir bu sahədəki mövcud problemləri də xatırlatmış və onların aradan qaldırılmasına beynəlxalq təşkilatların da yardımçı olacağına əminliyini bildirmişdir.
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təhsil proqramları üzrə direktoru Elmina Kazımzadə xüsusi ehtiyacı olan uşaqlara yeni yanaşma ilə bağlı beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqinin əhəmiyyətindən danışmışdır.
ABŞ-ın ölkəmizdəki səfirinin xanımı Lesli Harniş xüsusi ehtiyacı olan uşaqların tələbatları ilə bağlı Mehriban xanım Əliyeva ilə birgə müzakirələr aparıldığını bildirmiş və bu qəbildən olan uşaqlara xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulamışdır.
Sonra Amerika Birləşmiş Ştatlarının Qeyri-adi uşaqlar üzrə Şurasının, Addım-Addım proqramının Ukrayna Fondunun təmsilçiləri öz ölkələrində xüsusi ehtiyacı olan uşaqların təlim-tərbiyəsi ilə bağlı görülən işlər, əldə olunan təcrübələr barədə məlumatla çıxış etmişlər.