SİYASƏT
Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Bakı, 1 oktyabr, AZƏRTAC
Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır. Bu sahənin bəşəriyyət naminə imkanlarından istifadə edilməsi müasir dövrdə mühüm aktuallıq kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Astronavtika Federasiyası prezidentinin xüsusi müşaviri Dominik Tilmans oktyabrın 1-də qurumun Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında deyib.
Bir müddət əvvəl Bakıda olduğunu və müxtəlif layihələrdə iştirak etdiyini diqqətə çatdıran xüsusi müşavir Azərbaycanın bu mühüm tədbirə uğurla ev sahibliyi edəcəyindən əminliyini ifadə edib.
“Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır. Bu sahə öz anlayışına görə, dünya ölkələrinin müxtəlifliyini təmin edir. Kosmos cəmiyyətlərin inkişafına da öz müsbət təsir göstərir. Biz birlikdə bu istiqamətdə gücümüzü birləşdirməliyik”, - deyə Dominik Tilmans bildirib.