Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram konserti təşkil edilib
Bakı, 30 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin S. Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həssas kateqoriyadan olan uşaqlar üçün "Möcüzə dolu Yeni il" adlı konsert təqdim olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə Sosial Xidmət mərkəzlərində reabilitasiya proqramına cəlb olunan uşaqlar və onların valideynləri iştirak ediblər.
Tədbir çərçivəsində Sosial Xidmət mərkəzlərinin benefisiarlarından ibarət "Parla" inklüziv-mədəni kollektivi və S. Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri rəqs, musiqi, bədii qiraət nümunələri təqdim edib, müxtəlif musiqi alətlərində bacarıqlarını göstəriblər.
Rəngarəng musiqi proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.