XX əsrin ən qanlı faciəsi - Xocalı soyqırımı
Astara, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 26-da Astara şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
“Xocalım ağrım mənim” kitabının müəllifi Mərasim Hacızadə faciə barədə iştirakçılara məlumat verərək bildirib ki, dünyada misli görünməmiş bu faciə əslində Azərbaycan xalqının azadlıq istəyini qırmaq, dövlət müstəqilliyini sarsıtmaq niyyəti güdürdü. Rus imperiyasının və erməni vandalizminin birgə həyata keçirdiyi bu qətliamda yüzlərlə vətəndaşımız qətlə yetirilib.
Xocalı qətliamı bəşər tarixində oxşarı olmayan soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür. Soyqırımı nəticəsində 613 nəfər xüsusi amansızlıqla və işgəncələrlə qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinə hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Faciənin beynəlxalq miqyasda tanınması üçün 1994-cü il fevralın 24-də Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edilərək dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər görülür. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının xüsusi rolu vardır.
Sonra mərasim iştirakçıları Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olub, ədəbi-bədii kompozisiyaya baxıblar.