CƏMİYYƏT
Yalçın Rəfiyev: COP29 iqlim böhranı ilə mübarizədə kollektiv səylərimizi birləşdirməyin nümayişidir
Bakı, 14 noyabr, AZƏRTAC
Mən bu səhər burada olmaqdan çox məmnunam. Afrika İnkişaf Bankı Qrupunun və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbərlərinə və nümayəndələrinə təşəkkür etmək, həmçinin iqlim dəyişikliyi ətrafında müzakirələr və tərəqqi üçün bu yüksəksəviyyəli görüşün əhəmiyyətini vurğulamaq istəyirəm. Son iqlim fəlakətləri iqlim dəyişikliyinin reallığını vurğulayır. COP29 iqlim böhranı ilə mübarizə aparmaq üçün bir araya gəlmək üzrə kollektiv qabiliyyətimizi dünyaya nümayiş etdirməkdə bir fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının dördüncü günündə təşkil olunan növbəti sessiyada COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
“Kollektiv iqlim məqsədlərimizə nail olmaq üçün dövlət maliyyəsinin mühüm rolunu nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrə bütün müvafiq mənbələrdən sürətlə artan maliyyələşdirmə təmin edilməlidir. İqlim maliyyəsi istixana qazı emissiyalarının azaldılması da daxil olmaqla, Paris Sazişinin məqsədlərinə çatmağa geniş imkan yaradır. Amma hesabatlar hazırkı maliyyənin kifayət qədər olmadığını göstərir. Belə ki, iqlim dəyişikliyinin həlli təkcə əhəmiyyətli maliyyə resursları deyil, həm də inkişaf etməkdə olan ölkələrdə onsuz da dayanıqlı olmayan borc səviyyələrini kəskinləşdirmədən dayanıqlığı, sabitliyi və əlverişliliyi təmin edən yaxşı işlənmiş maliyyə sistemi tələb edir. İqlim maliyyəsinin əlçatan olmasını və mümkün olan ən yüksək səviyyəyə çatmasını təmin etmək vacibdir. COP29 danışıqlarının əsas prioriteti problemin aktuallığına və miqyasına adekvat olan və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq iqlimin maliyyələşdirilməsi sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılmasıdır”, - deyə Y.Rəfiyev bildirib.