YALTADA DÜNYA TÜRK GƏNCLƏR BİRLİYİNİN XIV GƏNCLİK GÜNLƏRI VƏ QURULTAYI KEÇİRİLƏCƏKDİR
Bakı, 7 avqust (AZƏRTAC). Avqustun 9-16-dək Yaltada Dünya Türk Gənclər Birliyinin XIV Gənclik Günləri və Qurultayı keçiriləcəkdir. Tədbir çərçivəsində “Keçmişdən gələcəyə Krım Milli Mücadiləsi və İnsan Haqları” mövzusunda simpoziumu, Türk Dünyası Gənc Yazarlar Birliyinin və Türk Dünyası Gənc KİV İşçiləri Birliyinin konqressləri keçiriləcək, siyasət, iqtisadiyyat, mədəniyyət, gənclər və idman komissiyalarında müzakirələr aparılacaq, dünya türk gənclərinin gələcək əməkdaşlığının inkişafı və dünyada baş verən hadisələrlə bağlı müxətlif müraciətlər, qərarlar və deklorasiyalar qəbul ediləcəkdir. Tədbirdə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Qurultayın işində Dünya Türk Gəncləri Birliyinin sədri, Milli Məclisin deputatı Əkrəm Abdullayev, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Həsən Məmmədzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov, Dünya gənc türk yazarlar birliyinin sədri Əkbər Yolçuyev, gənclər və idman nazirliyinin rəsmiləri iştirak edəcəklər.
Qeyd edək ki, Dünya Türk Gəncləri Birliyi 1992-ci il fevral ayında Tatarıstanın paytaxtı Kazan şəhərində keçmiş SSRİ ərazisində yaşayan türk əsilli xalq və etnik qrupları təmsil edən gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi qurultayda təsis edilmişdir.
XIV Gənclik Günləri və Qurultayında 40-a yaxın türk xalqlarının və türkdilli ölkələri təmsil edən nümayəndələrin iştirakı gözlənilir.