YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Emin Hüseynovun ailəsini ziyarət ediblər
Bərdə, 2 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri, Bərdə şəhər 7 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Hüseynov Emin Zakir oğlunun ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailəsi ilə keçirilən görüşdə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şücaətindən söhbət açılıb. Bildirilib ki, Emin Hüseynov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə Hüseynov Emin Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin atası Zakir Hüseynov, anası Fəridə Hüseynova Eminin hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməkliklər göstəriblər.