YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Şövqi İsmayılzadənin ailəsinə baş çəkiblər
Bərdə, 31 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi Vətən müharibəsi şəhidi İsmayılzadə Şövqi Raqub oğlunun ailəsinə baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində qazanılan şanlı Qələbədən danışıb. Bildirib ki, bütün bayramlarımızı, hər günümüzü, hər anımızı başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə və Zəfərimizi təmin edən xalq-iqtidar-ordu birliyinin sarsılmazlığına borcluyuq! Xalqımız şəhid ailələri ilə ağlayır, onlarla birlikdə sevinmək istəyir. Arzumuz budur ki, xalqımızın birlik bayramı daim Zəfər sevincinizə bələnsin.
Şövqi İsmayılzadənin valideynləri onun hərbidəki xidmətlərindən və döyüş yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Azərbaycan Ordusunun giziri olmuş Şövqi İsmayılzadə Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və bu günlərdə “Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.