Yaponiyada fövqəladə vəziyyət rejiminin uzadılmasına çağırışlar səslənir
Tokio, 22 may, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin mayın 31-dən sonra da uzadılması imkanlarını araşdırır. Hazırda həmin rejim Tokio və Osaka da daxil olmaqla doqquz prefekturada tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, məsələ ilə bağlı sualı cavablandıran Yaponiyanın Baş naziri Yoşihide Suqa hökumətin hazırda vəziyyəti araşdırdığını və gələn həftə fövqəladə vəziyyət rejiminin ayın sonunadək uzadılması barədə qərar qəbul edəcəyini bildirib. Baş nazir bir daha qeyd edib ki, bu zaman koronavirusun yayılmasının qarşısını almaq məqsədilə atılacaq addımlar xüsusi əhəmiyyət kəsb edir.
Xəbər verdiyimiz kimi, mayın 23-dən başlayaraq Okinava prefekturasında da fövqəladə vəziyyət rejimi tətbiq ediləcək. Bunun iyunun 20-dək davam edəcəyi də bildirilir.
Hökumətin bəzi üzvləri digər doqquz prefekturada da fövqəladə vəziyyət rejimini iyunun 20-dək uzatmağı təklif edirlər. Bu zaman həmin prefekturalarda vəziyyətin heç də gözlənilən qədər yaxşılaşmadığı əsas gətirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio