Yaponiyada torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışı davam edir
Tokio, 3 iyul, AZƏRTAC
Yaponiyanın mərkəzi hissəsində və şərqində güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi səbəbindən itkin düşənlərin axtarışları davam edir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Yaponiyanın Baş naziri Yoşihide Suqa təbii fəlakətlərə qarşı mübarizə naziri Yasufumi Tanahaşi ilə xüsusi müşavirə keçirib. Baş nazirin ofisi yanında vəziyyətlə bağlı informasiyaların toplanması və təhlili məqsədilə xüsusi işçi qrup yaradılıb.
Təbii fəlakət nəticəsində iki nəfərin həlak olduğu, 20 nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir. Selin əmələ gətirdiyi fəlakət nəticəsində öz evlərində tələyə düşən şəxslər tərəfindən yardım göstərilməsi ilə bağlı çoxsaylı müraciətlər də daxil olub.
Şizuoka prefekturası hökumətinin müraciətinə əsasən əraziyə özünümüdafiə qüvvələrinin 30 nəfərlik heyəti göndərilib.
Əraziyə yağan güclü yağışlar nəticəsində ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb. “Central Japan Railway Co.” şirkətinin yaydığı məlumata görə, Tokiodan Şin-Osaka şəhərinə gedən “Şinkansen” supersürətli qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Yaponiya Meteorologiya Agentliyi yerli əhalini sel və daşqınlar səbəbindən maksimum diqqətli olmağa və ehtiyatla davranmağa çağırıb.
Agentliyin məlumatına görə, saat 11-ə qədər olan son 72 saatda Kanaqava prefekturasının Hakone şəhərinə 790 millimetr, Şizuoka prefekturasının Qotemba şəhərinə isə 550 millimetr yağıntı düşüb.
İbaraki prefekturasının rəhbərliyi də yerli əhalini təbii fəlakətlə bağlı xəbərdar edib.
İstirahət günlərində güclü yağışların Yapon dənizi istiqamətində hərəkət edəcəyi və bazar ertəsi günü bu ərazilərə leysan yağacağı proqnozlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio