Yaponiyanın “Sərhədləri aşanlar 3.0” verilişində Keysuke Hondanın “Neftçi”yə transferindən danışılıb
Tokio, 16 mart, AZƏRTAC
Yaponiyanın “YouTube” şəbəkəsində yayımlanan “Sərhədləri aşanlar 3.0” proqramında futbol üzrə bu ölkə yığmasının üzvü Keysuke Hondanın “Neftçi” klubuna transferi barədə xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı, kanalın rəhbəri Kazuyasu İşida və Yaponiyada yaşayan azərbaycanlı Əlibəy Məmmədov Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişafı, iki ölkənin idman sahəsində əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.
Verilişdə Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin sürətlə inkişaf etdiyi, siyasi, iqtisadi, mədəni və təhsil sahələri ilə yanaşı, idman sahəsində əməkdaşlıqda da uğurlar əldə edildiyi qeyd olunub. Vurğulanıb ki, bu uğurlarda iki dövlət və xalq arasında mövcud dostluq münasibətləri və qarşılıqlı diqqət və maraq mühüm rol oynayır. Azərbaycan ilə Yaponiya arasında idmançıların mübadiləsi barədə kifayət qədər təcrübə var və Azərbaycan idman məktəbinin yetişdirmələrini Yaponiyada yaxşı tanıyırlar. Bu işdə qarşılıqlı əməkdaşlıq, idmançıların mübadiləsi mühüm rol oynayır.
Azərbaycanın artıq bütün dünyada mühüm idman və bədən tərbiyəsi ölkəsi kimi tanındığı, ilk Avropa Oyunlarının məhz Bakıda təşkil olunduğu, Formula 1 Azərbaycan Qran-Prisinin yapon tamaşaçılar tərəfindən də böyük diqqət və maraqla izlənildiyi verilişdə xüsusi vurğulanıb.
Qeyd edilib ki, Yaponiyada xüsusi məhəbbətlə sevilən Keysuke Hondanın “Neftçi” futbol klubuna transferi iki ölkə arasında yalnız idman sahəsində deyil, eyni zamanda, digər sahələrdə də əməkdaşlığın inkişafına, Azərbaycan adının Yaponiyada daha geniş yayılmasına mühüm təsir göstərəcək.
Xatırladaq ki, Keysuke Honda Yaponiya millisinin heyətində keçirdiyi 98 oyunda 37 qol vurub. O, İtaliyanın “Milan” klubu ilə yanaşı, Niderlandın “Venlo”, “Vitess”, Rusiyanın MOİK (Moskva), Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori”, Braziliyanın “Botafoqo” komandalarında da çıxış edib. Ulduz futbolçunun sonuncu dəfə Portuqaliyanın “Portimonense” klubu ilə müqavilə imzalasa da, fevralın 11-də bu klubla yollarını ayırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio