YARADICI GƏNCLƏRİN BİRİNCİ ÜMUMRESPUBLİKA TOPLANTISINDA SƏSLƏNMİŞ TƏKLİFLƏR DÖVLƏT ORQANLARINA TƏQDİM EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 26-da Gənclər və İdman Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Dövlət Musiqili Komediya Teatrında “Gənclər ili” çərçivəsində yaradıcı gənclərin I ümumrespublika toplantısını keçirmişdir.
Toplantıda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, 600 nəfərdən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri, son 5 ildə ölkə daxilində və xaricdə keçirilən yaradıcılıq müsabiqələrinin, festivalların, olimpiadaların, sərgilərin qalibləri ilə yanaşı, digər istedadlı gənclər də iştirak edirlər.
Nazir qeyd etmişdir ki, toplantının keçirilməsindən məqsəd yaradıcı və istedadlı gənclərə dövlət qayğısının daha da artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin formalaşdırılması proseslərinin gücləndirilməsi, yaradıcı gənclərin mövcud problemlərinin müzakirə edilməsi və qarşıda duran əsas vəzifələrin səmərəli həyata keçirilməsi yollarının müəyyənləşdirilməsidir.
A.Rəhimov demişdir ki, son vaxtlar respublikada istedadlı və yaradıcı gənclərlə iş sahəsində əhəmiyyətli addımlar atılmış, bir sıra dövlət proqramları qəbul edilmiş, əksər beynəlxalq səviyyəli tədbirlərdə onların iştirakı təmin olunmuşdur. Aidiyyəti dövlət orqanları və yaradıcılıq ittifaqları tərəfindən mütəmadi olaraq gənc şair və yazıçıların, rəssam və heykəltəraşların, kinematoqrafçıların və jurnalistlərin, bəstəkar və müğənnilərin müsabiqələrinin, konsert və festivallarının keçirildiyini vurğulayan natiq bildirmişdir ki, hər ilin yekununa görə fərqlənən gənclərə diplom və müxtəlif hədiyyələr təqdim edilmişdir. Nazir bildirmişdir ki, ümummilli liderimizin layiqli davamçısı, ölkə gənclərinin lideri Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət bütün Azərbaycan gəncliyi üçün geniş imkanlar yaratmışdır.
Tədbirdə Prezident mükafatçısı, əməkdar artist Məsmə Ağaverdiyeva, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydınxan Əbilov, rejissor Tahir Əliyev, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu və digərləri çıxış edərək, dövlətimizin yaradıcı gənclərə göstərdiyi diqqət və qayğıdan, istedadlı gənclərin üzləşdikləri problemlərdən danışmış, rəy və təkliflərini bildirmişlər.
İrəli sürülmüş bütün rəy və təkliflərin bir ay müddətində təhlil edilərək ümumiləşdirilməsi və müvafiq dövlət orqanlarına təqdim edilməsi qərara alınmışdır.
Gənclərin ümumrespublika toplantısında qətnamə qəbul olunmuşdur.