CƏMİYYƏT
Yardımlı rayonunun Bərican kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də gecə saat 3:00 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Meşə Təsərrüfatı mərkəzlərinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb ediliblər.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın bir hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür. Yanğın lokallaşdırılır.
Nazirlik əhalini meşədə istirahət edərkən məsuliyyətli olmağa, odla ehtiyatlı davranmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısıalınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.