Yaşıl enerji istehsalının özəl şirkətlərə həvalə edilməsi müsbət dəyişikliklərə səbəb olacaq - Deputat
Bakı, 7 aprel, AZƏRTAC
Yaşıl enerji cəlbedici amil kimi diqqət çəkir. Prezident İlham Əliyev hər dəfə bu məsələnin əhəmiyyətini vurğulayaraq yaşıl enerjinin çox strateji istiqamət olduğunu bildirir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Elnur Allahverdiyev “Elektroenergetika haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində müəyyən edilmiş beş milli prioritetdən biri məhz təmiz ətraf mühit və “yaşıl inkişaf”la bağlıdır.
“Hazırda bərpaolunan enerjiyə tələbat çox artıb. Dünyada alternativ enerjinin istehsalı iki dəfə çoxalıb. Bakı küləkli şəhərdir və onun bərpaolunan enerji imkanları böyükdür. Şəhərimizdə 200 qiqavat enerji istehsal etmək üçün imkan var. Artıq bu istiqamətdə işlər aparılır”, - deyə E.Allahverdiyev diqqətə çatdırıb.
Deputat bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, Cəbrayılda 240 qiqavat enerji istehsal edən stansiya tikiləcək. Onun sözlərinə görə, bu, ekologiyanın mühafizəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Ekoloji cəhətdən təmiz enerjinin istehsalının özəl şirkətlərə həvalə edilməsi müsbət dəyişikliklərə gətirib çıxaracaq.