Yay mövsümündə paytaxtda nəqliyyat sıxlığının artmasının səbəbi nədir?
Bakı, 30 iyun, AZƏRTAC
Yay mövsümündə şəhər nəqliyyatında sıxlığın artmasının əsas səbəblərindən biri insanların istirahət və gəzinti planlarının çoxalmasıdır.
Nəqliyyat üzrə ekspert Aslan Əsədov AZƏRTAC-a açıqlaması zamanı deyib ki, əvvəllər yay aylarında, hətta pik saatlarda belə, Bakı şəhərində nəqliyyatın intensivliyi nisbətən aşağı olurdu.
“Bu da yolların daha açıq olmasına və hərəkətin daha rahat təşkil edilməsinə şərait yaradırdı. Hazırda isə vəziyyət fərqlidir. Şəhər infrastrukturu və yol şəbəkəsi artan nəqliyyat yükünə eyni templə uyğunlaşa bilmir. Digər mühüm amillərdən biri də özəl sektorda çalışanların məzuniyyətlərinin əvvəlki illərlə müqayisədə daha qısa olması və ya payız aylarına keçirməsidir. Nəticədə yay mövsümündə şəhərdə qalan insanların sayı azalmaq əvəzinə yüksək olaraq qalır. Bu da ictimai nəqliyyata, eləcə də fərdi avtomobillərdən istifadəyə tələbatı artıraraq yol hərəkətində sıxlığın artmasına səbəb olur”, - deyə Aslan Əsədov qeyd edib.
Ekspert bildirib ki, son illərdə paytaxtda avtomobillərin sayının davamlı artması da mövcud yol infrastrukturuna əlavə yük yaradır: “Ticarət və əyləncə mərkəzlərinə, park və çimərlik istiqamətlərinə axının çoxalması xüsusilə həftəsonları nəqliyyatın hərəkətini daha da çətinləşdirir”.