Yazıçılar Birliyində üç almanaxın təqdimatı olmuşdur
Bakı, 27 dekabr (AZƏRTAC). “Azərbaycan nəsri antologiyası”nın birinci cildinin, “Sevgi etirafı” nəsr, publisistika və poeziya antologiyasının və “Təmas” müasir Azərbaycan və gürcü nəsri almanaxının işıq üzü görməsi yola saldığımız ilin ədəbi həyatında mühüm hadisəyə çevrilmişdir.
Yazıçılar Birliyində həmin nəşrlərin təqdimatı olmuşdur. “İşıq” Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Həsən Quliyev bildirmişdir ki, “Azərbaycan nəsri antologiyası”nın birinci cildi çapdan çıxmışdır, hazırda qalan cildlər üzərində iş gedir. O xatırlatmışdır ki, ötən il üç cilddə “Azərbaycan poeziyası antologiyası” nəşr olunmuşdur.
Kitab “Nurlan” nəşriyyatı tərəfindən buraxılmışdır. Nəşrin baş redaktoru Xalq Yazıçısı Anar, tərtibatçısı və ön sözün müəllifi Həsən Quliyevdir. Redaksiya heyətinə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, habelə Kamal Abdulla, Elmira Axundova, Həsən Quliyev, Nazim İbrahimov, Solmaz İbrahimova, Azər Mustafazadə daxildirlər. Üz qabığında XIX əsrə aid “Ovçuluq” adlı Azərbaycan xalçasının təsviri verilmişdir.
Müqəddimədə bildirilir ki, “Azərbaycan nəsri antologiyası” yarandığı gündən müasir dövrədək milli nəsrin yalnız cüzi hissəsini əhatə edir.
Nəşr doğma ədəbiyyat tarixinə daxil olan ən tanınmış müəlliflərin əsərləri əsasında Azərbaycan nəsrinin inkişaf mərhələlərini göstərir.
Həmçinin “Nurlan” nəşriyyatında çapdan çıxmış “Sevgi etirafı” nəsr, publisistika və poeziya antologiyası da müasir müəlliflərin - “İşıq” Mədəniyyət Xadimləri Assosiasiyası üzvlərinin əsərlərindən ibarət məcmuədir. Kitabın tərtibatçısı professor Həsən Quliyev, redaktoru Marina Mürsəlovadır.
Nəhayət, üçüncü kitab - “Təmas” müasir Azərbaycan və Gürcüstan nəsri almanaxı “Ədəbi körpülər” silsiləsindən beynəlxalq layihədir. Bu kitabın da tərtibatçısı Həsən Quliyev, redaktoru Marina Mürsəlovadır. Kitab Tbilisidəki “Saunce” nəşriyyatında işıq üzü görmüşdür.
“İşıq” Mədəniyyət Xadimləri Assosiasiyasının sədri Həsən Quliyev bildirmişdir ki, assosiasiya ilin axırında ənənəvi olaraq fərqlənən müəllifləri “Nar” və ya “Molla Pənah Vaqif” mükafatları ilə təltif edir.
Bu il “Nəsr” nominasiyasında “Molla Pənah Vaqif” mükafatına publisist, Milli Məclisin deputatı Elmira Axundova layiq görülmüşdür.
H.Quliyev E.Axundovanın yaradıcılığı barədə qısa məlumat verərək bildirmişdir ki, onun əsərləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında çoxcildlik xüsusi yer tutur. Mükafat ona “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqata görə verilmişdir.
Minnətdarlığını bildirən Elmira Axundova vurğulamışdır ki, yaradıcılığına verilən yüksək qiymətin təzahürü olan bu mükafatı çox dəyərləndirir.
Xatırladaq ki, E.Axundova “Rəsul Rza” və “Həsən bəy Zərdabi” mükafatının da laureatıdır.