YENİ EKSPOZİSİYANIN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Muzeyin direktoru, Milli Məclisin deputatı, professor Rafael Hüseynov tədbiri açaraq ekspozisiyanın əhəmiyyətindən, nümayiş olunan əşyaların tamaşaçılarda doğuracağı məhrəm hisslərdən, saatların sahiblərinə marağın artırılmasında bir vasitə rolu oynayacağından danışmışdır.
Akademik Bəkir Nəbiyev, vaxtilə muzeyə rəhbərlik etmiş bir şəxs kimi son vaxtlar görülən işləri təqdir etmiş, burada yeni bir ekspozisiyanın açılmasının nə qədər çətin və şərəfli iş olduğunu diqqətə çatdırmışdır.
Sonra yeni ekspozisiyanın açılışını bildirən qırmızı lent kəsilmiş, tamaşaçılara görkəmli yazıçı və şairlərimiz Nəcəf Bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Abdulla Şaiq, Əvəz Sadıq, Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Anar və başqalarına məxsus qol, stolüstü və divar saatları nümayiş etdirilmişdir.
Burada qoyulmuş rəy kitabına ürək sözlərini yazmaq istəyənlər Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun kreslosundan və dairəvi yazı masasından istifadə edəcəklər.