CƏMİYYƏT
“Yeni klinika”ya sümük sıxlığını ölçmək üçün cihaz gətirilib


Bakı, 26 sentyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə yeni cihazların gətirilməsi davam edir.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, “Yeni klinika”ya gətirilən və ölkədə fəaliyyət göstərən az sayda tibb müəssisələrinin sahib olduğu "Sümük Densitometriya - DEXA" cihazı sayəsində sümük sıxlığını ölçmək mümkündür. Məhz bu cihazın vasitəsilə osteoporozun varlığı və dərəcəsi müəyyən edilir. "Sümük Densitometriya - DEXA" cihazının köməyi ilə müalicənin yekununda əldə edilən nəticəni əvvəlki müayinə ilə müqayisə etmək olur.
Heç bir əlavə təsiri olmayan prosedur zamanı ağciyər rentgenoqrafiyasından alınan radiasiya dozasının yalnız onda bir qədəri alınır. Ağrısız həyata keçirilən prosedur təxminən 15 dəqiqə çəkir və heç bir ilkin hazırlıq tələb etmir.
Qeyd edilib ki, osteoporoz sümüklərdə kalsium miqdarının azalması nəticəsində yaranan patologiyadır. Bu halda sümüklər öz gücünü itirir və kövrəkləşir.
Osteoporozun erkən mərhələdə diaqnozunu qoymaq və xəstəliyin gedişatını müqayisəli şəkildə təhlil edə bilmək üçün inkişaf etdirilən sümük densitometriya sistemi osteoporoz səbəbindən qırılma riskini təyin etmək üçün dünyada ən geniş istifadə edilən üsuldur.
Məlumat üçün bildirilib ki, osteoporozun ilkin səbəbləri yaş, cinsiyyət, eyni zamanda siqaret və həddindən artıq spirtli içki istehlakı ilə müşahidə olunan həyat tərzi, müəyyən dərmanların qəbulu nəticəsində sümük toxuma itkisidir.