YENİ MƏKTƏB YEVLAXDA ŞAHMATIN İNKİŞAFINA TƏKAN VERƏCƏKDİR
Yevlax, 2 mart (AZƏRTAC). Prezident İlham Əliyev martın 2-də Yevlaxa səfəri çərçivəsində şəhərin Heydər Əliyev prospektindəki binaların ansamblını tamamlayan daha bir obyektin - Şahmat məktəbinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı burada hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən rəmzi lenti kəsdi.
Məktəbin direktoru Vaqif Quliyev məlumat verdi ki, binanın tikintisinə 2008-ci ilin martında başlanmış və inşaat işləri oktyabr ayında başa çatdırılmışdır. Smeta dəyəri 597,5 min manat olan ikimərtəbəli bina dövlət vəsaiti hesabına tikilmişdir. Birinci mərtəbədə 182 yerlik akt salonu, uşaq kitabxanası, ikinci mərtəbədə 8 sinif otağı, müəllimlər otağı və xidməti otaqlar, 178 kvadratmetrlik şahmat oyunları salonu yerləşir. Binada müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılmışdır. Fasadı şahmat fiqurları bəzəyir. Dəhlizlər və pilləkənlər mərmərlə üzlənmişdir. Məktəb müasir inventar və avadanlıqla təchiz olunmuşdur.
Foyedə ulu öndər Heydər Əliyevin idmançılara, o cümlədən şahmatçılara göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.
Dövlətimizin başçısı məktəbin kitabxanası, akt və oyun salonları, sinif otaqları ilə tanış oldu, şahmat taxtası arxasında əyləşmiş gənclərlə görüşdü. Prezident İlham Əliyev dedi ki, məktəbdə şahmatın inkişafı, bu qədim oyunun gənclərə öyrədilməsi üçün hər cür şərait yaradılmışdır. Bu cür şəraitdən sonra çempionlarımız da çox olmalıdır.
Şahmat üzrə respublika çempionatının bürünc mükafatçısı Jalə Məhərrəmli dövlət başçısına təqdim olundu. Prezident onu təbrik etdi, uğurlar arzuladı.
######
