Yeni Zelandiya koronavirus təhlükəsinə görə Avstraliya ilə qarşılıqlı səfərləri dayandırıb
Tokio, 27 iyun, AZƏRTAC
İyunun 26-da axşam saatlarında Yeni Zelandiya ilə Avstraliya arasında koronavirus pandemiyası dövründə maneəsiz hərəkəti nəzərdə tutan səfərlər Avstraliyanın Sidney şəhərində baş verən yoluxma təhlükəsi ilə əlaqədar dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Avstraliya KİV-ləri məlumat yayıb. Bildirilir ki, Avstraliyanın Baş naziri Skott Morrisonun rəhbərlik etdiyi hökumət belə bir proqramı cari ilin sonlarında Sinqapurla da reallaşdırmağı planlaşıdırırdı. Onun, həmçinin Yaponiya ilə də tətbiqi nəzərdə tutulurdu. Lakin baş verən son hadisələr bu planları poza bilər.
Xatırladaq ki, Avstraliya ilə Yeni Zelandiya arasında bu layihəyə apreldə start verilmişdi.
Sidneydə beynəlxalq heyəti daşıyan limuzin sürücüsü ilə baş verən son yoluxma hadisəsi nəticəsində bazar gününə qədər yoluxanların sayı artıq 100-ü ötüb. Bildirilir ki, həmin sürücü koronavirusun “Delta” ştammına yoluxub. Nəticədə Yeni Cənubi Uels ştatı Sidneyin mərkəzində davam edən qapanmanı iyulun 9-a qədər uzatmaq barədə qərar qəbul edib.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, istər Avstraliyada, istərsə də Yeni Zelandiyada əcnəbilər üçün sərhədlərin bağlanması hər iki ölkədə yoluxma sayının çox aşağı səviyyədə qalmasına səbəb olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio