Yenidoğulmuşların qəfləti ölüm sindromu
Bakı, 10 yanvar, AZƏRTAC
Uşaq ölümü hər bir ailədə böyük faciədir. Zahirən sağlam görünən yenidoğulmuş körpənin qəfləti ölümü isə ikiqat faciəyə çevrilir. Belə olanda ölümün səbəblərini araşdırmağa çalışırlar.
Müasir tibbin imkanlarının geniş olmasına baxmayaraq uşağı hər hansı ağır xəstəlikdən xilas etmək mümkün olmursa, bu, həkimi xəstəliklərin səbəblərini araşdırmağa və yeni müalicə metodları axtarmağa məcbur edir. Həmin problem bütün dünya həkimlərini narahat edir, çünki erkən uşaq ölümünün faizi həmin ölkə səviyyəsinin inkişaf səviyyəsinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu barədə danışan Biləcəri Mərkəzi Dəmiryol Xəstəxanasının həkim-neonatoloqu Gülnara Mirzəyeva deyib: "Yenidoğulmuşların qəfləti ölüm sindromu termini elmə 1969-cu ildə daxil olmağa başlayıb. Erkən neonatal dövrdə qəfləti uşaq ölümlərinə səbəb olan risk faktorları içərisində ana ilə bağlı olan faktorlardan erkən doğuşu, doğuşların sayını və doğuşun gedişini, o cümlədən valideynlərin ailəsində olan genetik xəstəlikləri, yaşı, sosial faktorları, ətraf mühitin təsirlərini qeyd etmək olar.
Təəssüflər olsun ki, bəzən valideynlərin savadsızlığı və səhlənkarlığı körpələrin ölümü ilə nəticələnir. Məsələn, uşağa süd verərkən ananın yuxuya getməsi və mexaniki olaraq körpənin boğulması, qida və qusuntu kütlələrinin uşağın nəfəs borusunu qapaması, hətta uşağın yuxudakı pozası da qəfləti ölümə səbəb ola bilər. Uşağı nəzarətsiz olaraq üzü üstə və ya arxası üstə uzandırmaq çox təhlükəlidir. Körpələr gecə sağ və sol tərəf üstündə yatırılmalıdır, əks halda mexaniki boğulma (asfiksiya) baş verə bilər.
Yay aylarında daha çox və tez-tez rast gəlinən körpələrin həddən artıq çox, qalın və ya sıx bələnməsi, otaq temperaturunun həddindən artıq yüksək olması, körpənin bədən hərarətinin həddən artıq yüksəlməsi ölümə aparıb çıxara bilər.
Bir çox valideynlər körpələrin heç bir şey hiss etmədiyini, eşidib-görmədiklərini zənn edirlər, halbuki psixioemosional stress qorxu mənşəli qıcolma refleksinə, hərəkətin və tənəffüs əzələlərinin ani qıcolmasına və tənəffüsün dayanmasına səbəb olur. Ona görə də körpə məhəbbət və şəfqətlə əhatə olunmalı, onun rahatlığı üçün evdə sakit mühit yaradılmalıdır.
Bəzi tibbi ədəbiyyatlarda timus vəzisinin ölçülərinin böyüməsinin ani ölümə səbəb olduğu qeyd olunur. Erkən neonatal ölümə səbəb olaraq tənəffüs mexanizmlərinin pozulmasını da göstərmək olar. Məsələ ondadır ki, apnoye tutmaları tənəffüsün ani olaraq dayanması olub, bətndaxili hipoksiyası olan, doğuş travması alan yarımçıq doğulmuş körpələrdə rast gəlinir və vaxtında müalicə olunmadıqda ciddi fəsadlara aparıb çıxarır".
Həkim mövzunu davam edərək deyib: "Tənəffüs çatışmazlığı sindromu yarımçıq doğulmuş uşaqlarda da ölümə səbəb olur. Xəstəxanada müalicə olunmasına baxmayaraq, çox zaman onlarda ağ ciyərlər öz funksiyasını tam yerinə yetirə bilmədiyindən körpənin həyatını xilas etmək mümkün olmur. Erkən neonatal ölümün səbəbləri sırasına anadangəlmə ürək qüsurları da daxildir. Belə hallarda çox vaxt cərrahi müdaxilə tələb olunur, lakin yenidoğulmuşun vəziyyəti həmişə buna imkan vermir.
Aparılan tədqiqatlar sübut edir ki, ani ölümlərin böyük əksəriyyətinin səbəbi mərkəzi və vegetativ sinir sistemi adaptasiyasının pozğunluqlarıdır. Xüsusilə yarımçıq doğulmuşlarda bunun əsasını sinir sisteminin kamil olmaması təşkil edir.
Bətndaxili infeksiyalar da son vaxtlar tez-tez rast gəlinən xəstəliklər sırasındadır. Hamiləlik zamanı qadınlar müalicə almadıqda bu, çox ciddi fəsadlar verə bilər. Uşaq ölümünə, xüsusilə də erkən neonatal ölümə yol verməmək üçün ailənin reproduktiv sağlamlığı, hamiləliyin daim müşahidə altında olması, doğulmuş körpələrə neonatoloq və pediatrların xüsusi nəzarəti çox vacibdir.
Yenidoğulmuşların qəfləti ölüm sindromunun qarşısını almaq üçün bir sıra mühüm şərtlərə də əməl etmək lazımdır. Bunun üçün körpəni kürəyi üstə, balışsız sərt döşəkdə və ayrıca çarpayıda yatırmaq, onun olduğu otaqda kəskin iyli vasitələrdən, siqaret, yüksək tonlu səslər və qıcıqlandırıcı işıq spektrlərindən istifadə etməmək tələb olunur. Körpəni yatızdırarkən yelləmək, adi vaxtlarda isə masaj və gimnastiika hərəkətləri məsləhət görülür".