Yeniyetmə cüdoçularımız Avropa kubokunda beş medal qazanıblar
Bakı, 19 fevral, AZƏRTAC
İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb.
AZƏRTAC Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 36 ölkədən 471 idmançının mübarizə apardığı beynəlxalq turnirin ikinci günündə Azərbaycan millisi 1 gümüş və 2 bürünc medal qazanıb.
Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (90 kq) gümüş, Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) bürünc medala sahib olublar.
Beləliklə, yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.
Xatırladaq ki, Avropa kubokunun ilk günü Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıblar.
Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.